2017-05-08
Şuşanın işğalından 25 il ötür

Ermənistan 1988-ci ildən başladığı növbəti hərbi təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisini, eləcə də onun ətrafındakı yeddi rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, 20 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

8 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal etmiş, bu şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə yerli əhalidən 195 nəfər şəhid olmuş, 165-dən çox yaralanmış, 68 nəfər əsir düşmüş və girov götürülmüşdür. 300 kvadrat kilometrədək ərazisi olan Şuşa şəhərində yaşayan 24.900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevrilmişlər.

Lakin bu təcavüzün faciəvi nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. İşğal nəticəsində hələ 1977-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bir hissəsi Tarix-memarlıq qoruğu elan edilmiş Şuşada beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin Xan qızı, tanınmış sairə Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının ekspozisiyaları dağıdılmış, talan olunmuş, kitabxanalar yandırılmışdır. Bir sıra qiymətli eksponatlar Ermənistana daşınmışdır.

Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT, ATƏT, Avropa Şurası, habelə digər nüfuzlu beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilmişdir. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop