2017-09-14
Bakıda “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimi keçirilib

14 sentyabr tarixində Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasimdə nitq söyləyən Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır, neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sazişin imzalanmasından sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Prezident İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan bu gün öz hesabına yaşayan ölkələrdəndir, onun kifayət qədər böyük valyuta ehtiyatları var, iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var.

 

növbəti xəbər əvvəlki xəbər