2017-11-01
Tehranda Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib

Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, İran, Rusiya, Azərbaycan prezidentlərinin ilk Zirvə görüşü 2016-cı ilin avqust ayında Bakıda keçirilib. Görüşün gözəl nəticələri üçtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət edib.  Prezident bəyan edib ki, ölkələrimizin coğrafi vəziyyəti əməkdaşlığın önəmli amilidir. Xalqlarımızın tarixi əlaqələri isə üç ölkə arasında tərəfdaşlığın möhkəm təməlini təşkil edir. Üçtərəfli əməkdaşlıq formatının regional təhlükəsizlik üçün böyük əhəmiyyəti var. Üç ölkə arasında uğurlu əməkdaşlıq regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsində çox mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışında ölkələrin  iqtisadi, neft-qaz, elektroenergetika, nəqliyyat da daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayıb.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Prezident bəyan edib ki, Ermənistan Azərbaycanın əzəli torpağı, ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və ətraf 7 rayonu 20 ildən çoxdur ki, işğal altında saxlayır. İşğal edilmiş torpaqlarda Azərbaycan əhalisi etnik təmizləmə siyasətinə məruz qalıb, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı müvafiq qərar və qətnamələr qəbul olunmuşdur. Ancaq Ermənistan buna məhəl qoymur, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir, işğalçı siyasətini davam etdirir.

Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzaladılar

növbəti xəbər əvvəlki xəbər