2016-06-04
27.05.2016 - Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi tərəfindən 28 May Respublika Günü ilə əlaqədar qəbul təşkil edilib

Qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik-analitik, işgüzar çevrələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Argentina hökuməti adından əsas qonaqlar qismində müdafiə nazirinin strateji və hərbi məsələlər üzrə müavini Anxel Pablo Telyo, Xarici İşlər və Etiqad Nazirliyinin xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Rodolfo Zlauvinen, Argentina Parlamentindən yüksək vəzifəli şəxs kimi isə Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisia Ximenez, habelə çoxsaylı parlament üzvləri iştirak ediblər. 

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Rəşad Aslanov 28 may gününün Azərbaycan üçün tarixi önəmi, 1918-ci ildə elan olunmuş və 23 ay ömrü olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu qeyd edib. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində torpaqlarımızın 20%-dən çox ərazisinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

R.Aslanov Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu vurğulayaraq, dövlət başçısı tərəfindən bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu qeyd edib.

Həmçinin ölkəmizin zəngin turizm potensialına malik olduğu, 2016-cı ildə geniş tamaşaçı və iştirakçı kütləsi olan beynəlxalq idman tədbirlərinə ev sahibliyi edəcəyi barədə danışılıb.

Habelə R.Aslanov Azərbaycan-Argentina əlaqələrinə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Tədbir zamanı Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı və turizm imkanları barədə, həmçinin bu il ölkəmizdə keçiriləcək "Formula 1" yarışı və Şahmat Olimpiadası ilə bağlı videoçarxlar nümayiş etdirilib, ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub. 

 

bakushop