2015-09-16
Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela Azərbaycana səfər etmişdir

14-16 sentyabr 2015-ci il tarixlərində Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela Azərbaycana rəsmi səfər etmişdir.

Səfər çərçivəsində Xose Luis Kansela Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüş, habelə Azərbaycan və Uruqvay arasında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə müzakirələr aparmışdır. Görüşlərdə Azərbaycan ilə Uruqvay arasında ikitərəfli əlaqələrin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüş zamanı  dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmətin zəruriliyi, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğu xüsusi vurğulanmışdır. Nazir müavini X.L.Kansela Uruqvayın beynəlxalq hüquq, ölkələrin ərazi bütövlüyü və münaqişələrin sülh yolu ilə həlli prinsiplərinə hörmətin zəruriliyi ilə bağlı mövqeyini bir daha diqqətə çatdırmışdır.

Xose Luis Kansela habelə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüş keçirmiş, ikitərəfli iqtisadi və ticarət əlaqələri müzakirə olunmuşdur.

Səfər zamanı Xose Luis Kansela Azərbaycan Diplomatik Akademiyasında olmuş, akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev ilə keçirdiyi görüş zamanı iki ölkənin müvafiq təhsil qurumları arasında mövcud olan sazişdən irəli gələrək akademik və tələbə heyəti mübadiləsi məsələləri müzakirə olunmuşdur.

Səfər çərçivəsində nazi müavini Xose Luis Kansela Azərbaycan Respublikası Milli Məclisində olmuş, Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin  V.Bəylərbəyov ilə keçirilmiş görüşdə enerji sahəsində əməkdaşlıq, o cümlədən Azərbaycan tərəfindən Uruqvayda bu sahəyə investisiya qoyuluşu  imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

Xose Luis Kansela habelə, AZPROMO-nun təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində azərbaycanlı iş adamları qarşısında Uruqvayın iqtisadi potensialı və qarşılıqlı ticarət və sərmayə imkanları mövzusunda təqdimatla çıxış etmişdir.

Səfər çərçivəsində, habelə Xose Luis Kansela ilə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüş keçirilmiş, görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.

 

növbəti xəbər