2015-09-22
Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuain Azərbaycana səfər etmişdir

21-22 sentyabr 2015-ci il tarixlərində Argentina Respublikasının xarici işlər və etiqad  nazirinin müavini Eduardo Zuain Azərbaycana rəsmi səfər etmişdir.

Səfər çərçivəsində Eduardo Zuain Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşmüş, habelə Azərbaycan və Argentina xarici işlər nazirləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə müzakirələr aparmışdır. Görüşlərdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, sənaye, energetika, kənd-təsərrüfatı, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlıq imkanları, habelə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sektorda əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur.

Habelə beynəlxalq və regional mövzular barədə də fikir mübadiləsi aparılmış, tərəflər münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquqa əsaslanan konstruktiv dialoqla və BMT qətnamələrinə uyğun şəkildə həllinin vacibliyini bildirmişlər. Nazir müavini Eduardo Zuain Argentinanın dövlətlərin ərazi bütövlüyü prinsipinin ölkəsinin xarici siyasətində prioritet prinsiplərdən biri olduğunu və münaqişələrin həllində ölkəsinin bu prinsipdən çıxış etdiyini vurğulamışdır.

İki ölkə arasında beynəxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunmuşdur. Bu xüsusda, Eduardo Zuain 10 sentyabr tarixində BMT-də qəbul olunmuş “Suveren borcun restrukturizasiyası prosesinin əsas prinsipləri”nə dair qətnaməni dəstəklədiyinə və Azərbaycan tərəfinin həmin qətnaməni hazırlamış Xüsusi Komitəyə sədr müavini olmasına görə Azərbaycan hökumətinə təşəkkür etmişdir.

Azərbaycana səfər zamanı nazir müavini Eduardo Zuain iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşmüşdür. Görüş zamanı ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunmuş, “Azərbaycan Respublikası və Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında saziş” imzalanmışdır.

Nazir müavini Eduardo Zuain səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə də görüşmüşdür. Görüş zamanı mədəniyyət sahəsində əlaqələrin inkişaf etdirilməsi və bu məqsədlə qarşılıqlı mədəniyyət tədbirlərinin təşkili məsələləri müzakirə olunmuş, “Azərbaycan Respublikası və Argentina Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş” imzalanmışdır.

Səfər çərçivəsində Eduardo Zuain ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov arasında da görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında yüksək texnologiyalar, o cümlədən kosmik və nüvə texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

 

növbəti xəbər əvvəlki xəbər