2015-09-25
Azərbaycan və Uruqvayın xarici işlər nazirləri Nyu-Yorkda görüşmüşlər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına əsasən 25 sentyabr tarixində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Uruqvay arasında mövcud əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılmışdır. İki ölkə arasında siyasi dialoqun inkişafında Uruqvay xarici işlər nazirinin müavini Xose Luis Kanselanın bu ilin sentyabr ayında Azərbaycana məhsuldar səfəri və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyəti qeyd edilmişdir.

Uruqvay xarici işlər naziri ölkəsinin 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olduğunu qeyd edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyü zamanı əldə etdiyi təcrübəsinin Uraqvay ilə bölüşməsindən məmnunluq duyacaqlarını bildirilmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Latın Amerikası ilə əməkdaşlığa xüsusi əhəmiyyət verildiyini qeyd edərək, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün xüsusilə enerji və kənd təsərrüfatı sahələrində əlverişli imkanların olduğunu nəzərə çatdırmışdır.

Uruqvaylı həmkarını Azərbaycana səfərə dəvət edən nazir, bunun ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün yaxşı imkan ola biləcəyini bildirmişdir. Uruqvaylı nazir dəvəti məmnuniyyətlə qəbul etmişdir.

Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam etdirilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər