2016-06-26
26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günüdür

İyunun 26-sı Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin  1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı bildirmişdir: “Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan Ordusu nəinki bölgədə, dünyada həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə güclü ordular sırasındadır. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir!”

Cari ilin aprel hadisələri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. 2016-cı ilin 2 aprel tarixində cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhali hədəfə alınaraq Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində mövqeləri ağır silahlardan intensiv atəşə məruz qaldı. Ermənistan təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə Azərbaycan ordusu lazımi addımlar atdı. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var. 

növbəti xəbər əvvəlki xəbər