2016-07-10
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyini deyən Prezident İlham Əliyev Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu bildirdi. Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığını, əks-hücum əməliyyatı nəticəsində 2 min hektar ərazinin işğaldan azad edildiyini diqqətə çatdırdı. “Münaqişə tezliklə həllini tapmalı, status-kvo dəyişilməlidir”, - deyən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, həmçinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı.

“Münaqişənin həllinin yeganə mümkün variantı mərhələli həll variantıdır”, - deyən dövlətimizin başçısı buna nail olmaq üçün həmsədr ölkələrin və ATƏT-in Ermənistana ciddi təzyiq göstərmələrinin vacibliyini diqqətə çatdırdı.

Bu ilin altı ayında ölkəmizin xarici siyasətinin fəal olduğunu, 10-dan çox dövlət və hökumət başçısının Azərbaycana səfərə gəldiyini, özünün də xaricə səfərlərinin beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etdiyini deyən Prezident İlham Əliyev çıxışında iqtisadi inkişaf proseslərindən də danışdı, cari ilin altı ayında ümumi daxili məhsulun azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft sektorunda artımın müşahidə olunduğunu dedi. Bildirdi ki, ötən 6 ayda ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. İlin birinci yarısında 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb. “2016-cı il tarixdə dərin islahatlar dövrü kimi qalacaq”, - deyən dövlətimizin başçısı strateji enerji və nəqliyyat layihələrinin uğurla icrası istiqamətində tədbirlərin davam etdirildiyini bildirdi.

http://president.az/articles/20549

növbəti xəbər əvvəlki xəbər

 

bakushop