2016-07-22
Argentinanın nüfuzlu "Infobae" xəbər portalında Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanovun cavab məqaləsi dərc olunub

“Redaksiya heyətinizin ölkəm haqqında oxucuları məlumatlandırmaq üçün göstərdikləri  maraq və əməkdaşlığa görə  təşəkkürümü və səmimi salam və hörmətimi qəbul edin. Bu baxımdan bir müddət öncə sizin veb səhifənizdə dərc olunmuş “İnfobae Red Global-ın jurnalisti Azərbaycan hökumətinin qara siyahısına daxil edilmişdir” başlıqlı məqalə ilə əlaqədar oxucularda çaşqınlıq yarada biləcək bəzi məqamlara aydınlıq gətirmək məqsədilə Azərbaycan Respublikası Səfirliyinin müvəqqəti işlər vəkili qismində sizə müraciət edirəm.

İlk növbədə məlumat vermək istərdim ki, Dağlıq Qarabağ və 7 ətraf  rayon BMT və digər beynəlxalq təşkilatların bütün sənədlərində tanınan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının legitim ərazisinin ayrılmaz tərkib hissəsini təşkil edir. Hazırda qeyd olunan ərazilər Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən davam edən işğal nəticəsində Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Bu səbəbdən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi siyasətçi, parlament üzvü, idmançı, alim, tələbə, iş adamı, jurnalist, turist və ya mülki şəxs olmasından asılı olmayaraq bütün xarici vətəndaşları Azərbaycan Respublikasının razılığı olmadan qeyd olunmuş ərazilərə hər hansı səfərin həyata keçirilməsinin onun suverenlik, ərazi bütövlüyü və sərhəd haqqında qanununun, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin pozulması kimi qiymətləndirilməsi barədə məlumatlandırır. Eyni zamanda separatçı rejimin təxribatının qurbanı olmaması üçün Azərbaycan rəsmilərinin icazəsi olmadan həmin ərazilərə səfərdən çəkinməyə çağırır.

Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların daxil olduğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin siyahısına gəldikdə isə bildirmək istərdim ki, yuxarıda qeyd olunmuş məlumatda Nazirlik xəbərdar edir ki, Azərbaycan Respublikasının ilkin razılığı olmadan işğal olunmuş ərazilərə səfər edən xarici vətəndaşların Azərbaycana sonrakı girişinə qadağa qoyulacaqdır. Bu prosedur  yenilik deyil və bir çox ölkələrin təcrübəsində mövcuddur.

Qeyd etmək istərdim ki, Azərbaycan hökuməti adları siyahıda olan şəxslərin adlarının həmin siyahıdan çıxarılması barədə müraciətlərinə baxmağa hazırdır. Məlumat üçün deyə bilərəm ki, adları həmin siyahıya salınmış çoxlu sayda şəxslərin müraciətlərinə müsbət cavab verilərək onların adları siyahıdan çıxarılmışdır. 

Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu nəzərə alaraq münaqişə və cari vəziyyət haqqında yazmaq istəyən jurnalistlər, eyni zamanda istənilən xarici vətəndaş Azərbaycan Respublikasına daxil olmaq üçün Xarici İşlər Nazirliyindən şərtlərlə bağlı məlumat almalı və müvafiq qaydada qanuni giriş üçün icazə (viza) sorğu etməlidir. Məlumat vermək istərdim ki, New York Times, BBC, Al Jazeera və digər tanınmış KİV nümayəndələri Azərbaycanın Dağlıq Qarabağ regionuna Azərbaycan hökumətinin razılığı ilə səfər etmişlər.

Bildirmək istərdik ki, Azərbaycan hökuməti İnfobae-də dərc olunmuş məqalədə qeyd olunduğu kimi  jurnalistlərin Dağlıq Qarabağ ərazisinə getməsini və oradan gələn xəbərlərin yayılmasını qadağan etmir. Əksinə, hesab edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalına səbəb olan münaqişə barədə həqiqətləri dünya birliyi öyrənməlidir. Habelə, qeyd olunmalıdır ki, etnik təmizləmə və Ermənistanın hərbi təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı evindən didərgin salınmış və minlərlə mülki şəxs öldürülmüşdür. Biz bu münaqişəyə dair həqiqətlərin yayılmasında daha maraqlı tərəfik.

Son olaraq, fürsətdən istifadə edərək diqqətiniz üçün təşəkkür edir və məsələ ilə əlaqədar oxuculara obyektiv və tərəfsiz məlumat çatdırmaq məqsədilə bu məktubun dərc olunmasını xahiş edirəm”.

 

http://www.infobae.com/america/mundo/2016/07/14/un-periodista-de-la-red-global-de-infobae-fue-ingresado-a-la-lista-negra-del-gobierno-de-azerbaiyan/ 

növbəti xəbər əvvəlki xəbər