2016-07-30
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilmişdir.

İyulun 30-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda qeyd edildiyi kimi, Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq gözəl bir ənənəyə çevrilib, öz möhtəşəmliyi ilə xarici və yerli musiqiçilərin dərin rəğbətini qazanıb. Bu beynəlxalq musiqi festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin göstəricisidir. Musiqinin gücü o qədər qüdrətli və sərhədsizdir ki, dünyanın müxtəlif ölkələrindən bu festivala gələn məşhur solistlərin, orkestrlərin ifası ilə mənəvi yaxınlığı hiss etməyə imkan verir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən keçirilən festival ildən-ilə böyüyən tamaşaçı auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Ölkəmizdə elan olunan “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan Qəbələ Beynəlxalq Musiqi Festivalının builki proqramı hər il olduğu kimi çox zəngindir.

Festivalın proqramına uyğun olaraq Qəbələ səhnəsində Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilb. Gənc ifaçılarla yanaşı, dünya şöhrətli musiqiçilər də səhnəyə çıxıblar. Burada klassik və kamera musiqisi, muğamlarımız ifa olunmuşdur.

Avqustun 5-dək davam edən VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycan, Avstriya, Bolqarıstan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər