2016-09-05
Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda yəhudi icmasının əsrlər boyu müxtəlif dini konfesiyaların nümayəndələri ilə dinc yanaşı yaşadığını bildirərək, 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edildiyini diqqətə çatdırdı. Azərbaycanın İsveçrə, eləcə də İsrail ilə yaxın dostluq münasibətlərinə malik olduğunu qeyd edən nazir bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün İsveçrə yəhudi icmasının da öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Herbert Vinter Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradılmasını yüksək qiymətləndirdiyini bildirdi. Ölkəmizdə şahidi olduğu multikulturalizm və tolerantlıq ənənələrini, yəhudi icmasına göstərilən yüksək qayğı və diqqəti xüsusi vurğulayan qonaq, bunun bütün dünya üçün nümunə ola biləcəyini diqqətə çatdırdı.

Görüş əsnasında dinlərarası münasibətlər, qlobal və regional məsələlərə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər