2016-09-13
42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli bağlanış mərasimi keçirilib

Bakıda Milli Gimnastika Arenasında  42-ci Ümumdünya Şahmat Olimpiadasının  təntənəli bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət rəsmiləri iştirak ediblər.

Sentyabrın 2-dən start götürən və Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşən Olimpiadada 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub.

 Kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb.   Ukrayna  ikinci yeri, Rusiya millisi isə üçüncü yeri tutub. Azərbaycanın əsas komandası 15 xalla yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.

 Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra qaliblər mükafatlandırılıb. Mərasimdə qalib komandaların şərəfinə dövlət himnləri səsləndirilib.

 Daha sonra çıxış edən FIDE prezidenti Kirsan İlyumjinov yüksək təşkilatçılığa görə Azərbaycana öz təşəkkürünü bildirib.

“Yarışın təşkilatçıları irimiqyaslı şahmat turnirlərinin təşkilində yeni standart müəyyənləşdirdilər. Növbəti olimpiadanın təşkilatçıları çox çalışmalıdırlar ki, hazırkı səviyyəni qoruyub saxlaya bilsinlər. Biz bu gün möhtəşəm yarışı başa vururuq. Ancaq sabah minlərlə gənc qız və oğlan idmanın bu növü ilə məşğul olmağa başlayacaq və şahmatın incəliklərini öyrənməyə çalışacaq. Biz yenidən qonaqpərvərliyi ilə seçilən Azərbaycana qayıdacağıq”.

Şahmata hər zaman dəstək verdiyi üçün ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirən Kirsan İlyumjinov ölkəmizin irimiqyaslı yarışlara həmişə yüksək səviyyədə ev sahibliyi etdiyini və idmançıların, qonaqların ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər