2016-10-03
V Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir

2016-cı ilin 29-30 sentyabr tarixlərində Azərbaycanda V Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edib.

 Forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

2010-cu ildə Forumunun keçirilməsi təşəbbüsçüləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və onun həmkarı, Rusiya Federasiyasının Prezidenti cənab Dmitri Medvedev idi.

Humanitar Forumun gündəliyi bu dəfə də aktual məsələlərdən ibarət olub. “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” Forumun əsas müzakirə mövzuları olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılışında çıxış edərək Forumun son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazandığını, beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri olduğunu, beynəlxalq əməkdaşlığın ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynadığını, bu məqsədlə son illər ərzində ölkəmizdə bir çox beynəlxalq tədbirlərin keçirildiyini bildirmişdir. Prezident vurğulamışdır ki, Azərbaycan bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəsini verəcək. Çünki Azərbaycanın siyasəti bundan ibarətdir, eyni zamanda, tariximiz multikulturalizm əsasında qurulubdur. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır və bu, bizim böyük sərvətimizdir.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop