2017-01-19
Qara Yanvardan 27 il keçir

Hər il Azərbaycan xalqı və ölkə xaricindəki icması tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan biri olan və bütün dünyada Qanlı Yanvar adı ilə tanınan faciədə öldürülmüş həmvətənlərini yad etmək üçün bir araya gəlirlər.

20 yanvar 1990-cı ildə ağır hərbi texnika və silahlarla təchiz edilmiş 26 minlik sovet qoşunu İttifaq rəhbərliyinin göstərişi ilə Bakıya hücum etdi. Məqsəd kommunist hökumətini xilas etmək üçün son uğursuz cəhdi həyata keçirmək, Azərbaycanın azadlıq hərəkatını boğmaq və Moskva mərkəzi aparatının Ermənistanın Azərbaycana olan ərazi iddialarına verdiyi dəstəyə qarşı Azərbaycan xalqının etirazını yatırmaq idi. Həmin gün ərzində sovet qoşunları tərəfindən görünməmiş amansızlıqla həyata keçirilmiş qırğın aktı nəticəsində 133 nəfər öldürülmüş, 700-ə yaxın insan ağır yaralanmışdır. Onların arasında rus, ukraynalı, yəhudi, ləzgi, tatar və s. millətlərdən olan mülki insanlar da var idi.

Azərbaycanda müstəqillik uğrunda ümumxalq tələbinə qarşı zorakı cavab olaraq həyata keçirilmiş bu işğal həm Azərbaycan, həm də Sovet İttifaqının müstəqillik əldə etməyə çalışan digər respublikaları üçün aşkar xəbərdarlıq məqsədi daşımış və həmin respublikalar arasında Sovet İttifaqının hər hansı bir şəkildə bərpa oluna və qorunub saxlanıla biləcəyinə dair son ümidləri dəfn etmişdi.

Faciəvi nəticələrinə baxmayaraq, 20 Yanvar günü Azərbaycan tarixinə ən şanlı məqamlardan biri kimi həkk olundu. Sovet qoşunları yekunda Bakını tərk etdilər və Azərbaycan 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini elan etdi. Həmin vaxtdan etibarən, ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi.

Bu gün Azərbaycan xalqı ölkəsinin müstəqilliyi üçün ən yüksək haqqı ödəmiş və ölkə tarixinin şərəf səhifəsinə adlarını öz qanları ilə yazmış Qanlı Yanvar qurbanlarının xatirəsini bir daha ehtiramla yad edir.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop