2017-03-31
31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Bu qanlı faciələrin daha dəhşətlisi 31 mart 1918-ci il tarixdə azərbaycanlılara qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə seçilir. Belə ki, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetirmişlər. Həmin soyqırımın davam etdiyi dövrdə ölkəmizin ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdür, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılmışdır.

Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilmişdir. Eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop