2017-05-30
25.05.17 - Buenos-Ayresdə 28 May - Respublika Günü ilə əlaqədar qəbul təşkil edilib

Qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik, işgüzar çevrələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 may gününün Azərbaycan üçün tarixi önəmindən danışıb, 1918-ci ildə elan olunmuş və 23 ay ömrü olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu qeyd edib. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlər, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bunun nəticəsində Azərbaycanın 20%-dən çox ərazisinin işğal edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Səfir daha sonra Azərbaycanın son illərdə prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlar, inkişaf strategiyası, Azərbaycanın geosiyasi önəmi və regional proseslərdə oynadığı rol, Avropanın enerji təhlükəsizliyindəki rolu, dövlətçiliyin daha da gücləndirilməsi üçün atılan addımlar, ölkədə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə danışıb.

R.Aslanov Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların rahat yaşadığını, güclü tolerantlıq ənənələrinin olduğunu qeyd edib. O, Azərbaycan-Argentina əlaqələrinə toxunaraq, iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

növbəti xəbər əvvəlki xəbər