2017-11-24
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Belçika Krallığına işgüzar səfər edib

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib. Prezident İlham Əliyev ilə NATO-nun baş katibi Y.Stoltenberq arasında keçirilmiş görüş zamanı Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. NATO-nun baş katibi Yens Stoltenberq ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirib. Prezident İlham Əliyev NATO ilə əlaqələrimizin genişlənməsindən məmnunluğunu bildirib. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb, danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə məlumat verilib.

23 noyabr tarixində Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Tədbirdə çıxış edən dövlətimizin başçısı Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini bəyan edən Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. Prezident qeyd edib ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.

Prezident İlham Əliyev çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxunub, Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğulayıb. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlətimizin başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir.

24 noyabr tarixində Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Şərq Tərəfdaşlığı Sammitində iştirak edib. Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasında çıxış edib.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə edib. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndirib.

 

 

növbəti xəbər əvvəlki xəbər