2018-02-19
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib

Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.Tədbirdə, həmçinin Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç iştirak ediblər.

Prezident İlham Əliyev bildirmişdir ki, “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın indiyədək çox uğurlu olan və Azərbaycana öz iqtisadiyyatını şaxələndirməyə kömək edən enerji strategiyasının əsas elementlərindən biridir. Azərbaycan enerji ehtiyatlarından istifadə edərək qeyri-neft sektoru, insan kapitalı və infrastruktura investisiya yatırmış, bununla da iqtisadiyyatının uzunmüddətli davamlı inkişafını təmin etmişdir.

Prezident İlham Əliyev bu gün artıq təkcə Azərbaycan, Gürcüstan, Türkiyə kimi üç ənənəvi müttəfiqi deyil, daha çox ölkəni əhatə edən güclü regional əməkdaşlıq format yaradıldığını qeyd etmişdir. 20 il bundan əvvəl Azərbaycan, Gürcüstan və Türkiyə arasında yaradılmış regional əməkdaşlığın həqiqətən də regionumuzda və Avropada enerji sahəsində inkişafda mühüm rol oynadığını vurğulayan Prezident İlham Əliyev bu regional əməkdaşlığın təkcə nəhəng, genişmiqyaslı enerji layihələrinin həyata keçirilməsinə yol açmadığını, həm də regionumuzda sabitlik, proqnozlaşdırılma imkanı və çox səmimi əməkdaşlıq yaratdığını bildirib.

Prezident İlham Əliyev bəyan etmişdir ki, bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir və Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi enerji sahəsində nümunəvi əməkdaşlıq layihəsi olduğunu və bu layihəyə cəlb olunmuş bütün ölkələrdə bir neçə milyardlıq investisiyaların cəlb edilməsinə yol açdığını qeyd edən Prezident İlham Əliev, bütün bunların minlərlə yeni iş yeri yaradacağı, təkcə enerji deyil, həm də nəqliyyat infrastrukturuna da investisiya yatırılması demək olduğunu bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər