2018-03-26
VI Qlobal Bakı Forumu

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın paytaxtı Bakı şəhərində “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu keçirilib.

Forumun açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Habelə, bu mötəbər tədbirdə 50-dən çox ölkədən 500-dək nümayəndə iştirak etmişdir, o cümlədən 47 hazırkı və keçmiş dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, dövlət xadimləri, vətəndaş cəmiyyətinin təmsilçiləri, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

VI Qlobal Bakı Forumunun açılışında prezident İlham Əliyev çıxış edib. O öz nitqində, Forumun gedişi zamanı beynəlxalq münasibətlərin gündəliyində olan ən mühüm məsələlərin müzakirə ediləcəyini, həmçinin dünyada təhlükəsizliyin, sabitliyin, proqnozlaşdırmanın və əməkdaşlığın təmin edilməsi üçün mühüm tövsiyələrin də olunacağını bildirib.
Azərbaycanın artıq bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan İ.Əliyev, Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları kimi müxtəlif beynəlxalq tədbirləri misal gətirmiş, bütün bu tədbirlərin əməkdaşlığa xidmət etdiyini, müxtəlif ölkələrin və dinlərin təmsilçiləri arasında anlaşmanı təmin etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Prezident öz nitqində Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsindən və Xocalı soyqırımından geniş bəhs edərək, status-kvonun qəbuledilməz olduğunu Forum iştirakçılarının nəzərinə çatdırmış, həmçinin, status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş ərazilərdən dərhal çıxmalı olduğunu və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanının yaradılmasının zəruriliyini vurğulamışdır.

Forumda əsasən beynəlxalq münasibətlərdə güc anlayışı, beynəlxalq münasibətlər sistemində meydana çıxan yeni güclər, çoxluqlar milli azlıqlara qarşı, Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət – regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi, Çinin xarici siyasəti, kapitalizmdə iqtisadi inkişaf və ətraf mühitin deqradasiyası məsələləri, nəsillər arasındakı bağların qırılması, dini-mədəni müxtəlifliyin siyasi liderlik uğrunda rolu kimi mövzular müzakirə olunub.

 

əvvəlki xəbər