2018-09-03
Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib

Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyov və müşahidəçi dövlət statusunda iştirak edən Macarıstanın Baş naziri Viktor ORBAN Zirvə görüşündə iştirak edib.

Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxladığını, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə etdiyini bildirib. Həmçinin, ölkələrimizin beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verdiyini və bu dəstəkyin çox önəmli olduğunu qeyd edib.

Prezident İlham Əliyev indiki dünyada yeni risklər, təhdidlər yarandığını, yeni münaqişə, müharibə ocaqlarının alovlandığını bildirərək, regional təhlükəsizlik məsələlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycanın uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkdiyi, iyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında olduğunu bildirən Prezident İlham Əliyev 20 il ərazində Ermənistana rəhbərlik etmiş kriminal rejimin çökməsinin təsadüf olmadığını vurğulayaraq,  Ermənistanın yeni rəhbərliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacağına, tezliklə torpaqlarımızın işğaldan azad olunacağına, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəyinə və bölgədə sülh və əməkdaşlıq yaranacağına ümid etdiyimizi bildirib.

Zirvə görüşünün mövzusu-idmanla bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev Azərbaycanda idmana çox böyük diqqət göstərildiyini, idmanın inkişafının Azərbaycanda dövlət siyasəti olduğunu vurğulayıb. Ölkəmizdə bir neçə mötəbər beynəlxalq yarış keçirildiyini bildirən Prezident İlham Əliyev I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarını qeyd edərək, bu Oyunların keçirilməsinin Azərbaycanın millətlərarası, dinlərarası multikulturalizmə verdiyi töhfənin növbəti təzahürü olduğunu diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev Azərbaycanın qardaş ölkələrə böyük investisiyalar qoyduğunu, bununla da həm öz iqtisadi maraqlarımızı təmin etdiyimizi, həm də ki, bu ölkələrdə yeni imkanlar yaratdığını qeyd edib. Azərbaycan da qardaş ölkələrdən investisiyaları qəbul etmək üçün bütün işləri görüb. Prezident İlham Əliyev bütün dost ölkələri 2017-ci ilin oktyabr ayından fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etməyə çağırıb.

Dövlət başçılarının təklifi ilə növbəti Zirvə görüşünün Azərbaycanda keçirilməsi qərara alındı.

Qeyd: Mətn AZƏRTAC-ın məqaləsi əsasında hazırlanıb, şəkil AZƏRTAC-a məxsusdur.

növbəti xəbər əvvəlki xəbər