2018-09-17
Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib

Sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilmişdir. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edərək, yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusunun könüllülərlə birlikdə Bakını işğalçılardan azad etməsinin tarixi hadisə olduğunu bildirmiş və bu münasibətlə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını təbrik etmişdir.

Prezident İlham Əliyev bu gün Türkiyə-Azərbaycan arasında siyasi əlaqələrin ən yüksək zirvədə olduğunu,  Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradan birgə enerji-nəqliyyat layihələrinin uğurla icra edildiyini qeyd etmişdir.

Ölkəmizin ordu quruculuğu sahəsində də böyük uğurlar əldə etdiyini bildirən Prezident İlham Əliyev bu gün Azərbaycan Ordusunun beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasında olduğunu, hərbi potensialımız artdığını vuğulamışdır. O, güclü ordunun Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərt olduğunu, Azərbaycan Ordusunun döyüş meydanında öz gücünü, məharətini göstərdiyini qeyd etmişdir.

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək, Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə həyata keçirdikləri əməliyyatları o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyduğunu bildirmiş, Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olmasının qan qardaşlığımızın təbii nəticəsi kimi dəyərləndirmişdir. Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinın Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu, Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəklərini diqqətə çatdırmış, Dağlıq Qarabağ probleminin həllinin Ermənistanla əlaqələrin bərpasının ən vacib şərti olduğunu bəyan etmişdir.

Paradda həmçinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər.

Məlumat AZERTAC-ın materialları əsasında hazırlanıb. Şəkillər AZƏRTAC və Bakı Media Mərkəzinə məxsusdur.

 

növbəti xəbər əvvəlki xəbər