2018-09-18
Xarici işlər nazirinin müavini Xələf Xələfov Argentina Respublikası və Çili Respublikasında səfərdə olub

11-12 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Argentina Respublikasında səfərdə olmuşdur. Nazir müavini Xələf Xələfov səfər çərçivəsində Argentina Parlamentinin Senatının spikeri Federiko Pinedo, Senatın xarici əlaqələr və etiqad komissiyasının sədri Xulio Kobos, Deputatlar Palatasının xarici əlaqələr və etiqad komissiyasının sədri xanım Kornelia Schmidt Lierman, həmçinin Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri deputat Hector Olivarez və qrup üzvləri ilə görüşmüşdür.

Görüşlər zamanı coğrafi baxımdan uzaq məsafələrdə yerləşməsinə baxmayaraq, Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, eyni zamanda hər iki dövlətin müxtəlif sahələrdə potensialını nəzərə alaraq, yeni əməkdaşlıq imkanlarından faydalanmağın vacib olduğu bildirilmişdir. 2018-ci ilin Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanaraq, mövcud siyasi dialoqun yüksək səviyyəsinin əməkdaşlığın digər sahələrində də irəliləyişlərə təkan verdiyi qeyd olunmuşdur.

Görüşlərdə həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişə üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılmış, mövcud münaqişələrin beynəlxalq hüquq normalarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü qeyd edilmişdir. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi üzrə Argentinanın Azərbaycanın ədalətli mövqeyinə dəyişməz dəstək və münasibətinin yüksək qiymətləndirildiyini xüsusi vurğulamış

Səfər zamanı həmçinin, Argentinanın xarici işlər və etiqad nazirinin müavini  Gilyermo Raimondi və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında sayca 4-cü siyasi məsləhətləşmələr keçirilmişdir.

Görüş zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin və təmasların vacib olduğu qeyd edilərək, Azərbaycan və Argentina arasında siyasi və beynəlxalq məsələlər baxımından fikir ayrılıqlarının mövcud olmadığı, mövqelərin çox yaxın, bəzi hallarda isə üst-üstə düşdüyü qeyd edilmişdir. Həmçinin iqtisadi əməkdaşlığın vacibliyi bildirilmiş, ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün hökumətlər çərçivəsində lazımi mexanizmlərin təsis edildiyi qeyd edilmiş və Hökumətlərarası İşçi Qrupunun növbəti iclasının 2019-cu ildə Bakıda keçirilməsi barəsində niyyət ifadə edilmişdir. Göstərilən səylər nəticəsində ticarət dövriyyəsində müəyyən artım dinamikasının müşahidə edildiyi və nəqliyyat, energetika, qeyri-neft  sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, mədəniyyət və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir müavini Xələf Xələfov 13 sentyabr 2018-ci il tarixində Çili Respublikasına səfər etmişdir. Səfər çərçivəsində nazir müavini X.Xələfov Çili Respublikası Senatının sədri Karlos Montes və Deputatlar Palatasındakı Çili-Azərbaycan Dostluq Qrupunun sədri Qabriel Silber və qrupun digər üzvləri ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələri barəsində fikir mübadiləsi aparılmış və xalqlar arasında dostluq və qarşılıqlı etimadın gücləndirilməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığı qeyd edilmişdir.

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin I raundu keçirilmişdir. Siyasi məsləhətləşmələr zamanı Azərbaycan tərəfini nazir müavini X.Xələfov, Çili tərəfini isə nazir müavini Karolina Valdiviya Torres təmsil etmişdir. Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və turizm sahələrində  əlaqələrin inkişaf etdirilməsi, o cümlədən, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşu imkanlarının öyrənilməsi barədə fikir mübadiləsi aparılmışdır.

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, münaqişə üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılmışdır. X.Xələfov münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasinin müvafiq qətnamələri əsasında həll olunmasının labüdlüyü qeyd edilmişdir. Bu xüsusda, Çili tərəfi Azərbaycan Respublikasının ərazilərinin işğalını qəbul etmədiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirmişdir. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Çili Respublikasının mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.

Siyasi məsləhətləşmələrdən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çili Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma Memorandumu" və “Azərbaycan Respublikası Hökuməti və Çili Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslər üçün viza tələblərinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş” imzalanmışdır.

əvvəlki xəbər