2019-01-18
20 yanvar faciəsinin 29-cui ildönümü tamam olur

Azərbaycan xalqı öz qəhrəmanlıq səhifəsini, tarixdə mülki əhaliyə qarşı törədilmiş ən amansız qətliamlardan biri olan və dünyada Qanlı Yanvar adı ilə tanınan faciədə öldürülmüş həmvətənlərini bir daha yad edir.

20 yanvar 1990-cı ildə 26 minlik sovet qoşunu Azərbaycanda başlanmış azadlıq hərəkatını boğmaq üçün Bakı üzərinə hücum etdi. Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik uğrunda mübarizəyə başlamış ilk ölkələrdən biri idi. Həmin gün sovet qoşunları tərəfindən mülki əhaliyə qarşı görünməmiş amansızlıqla həyata keçirilmiş qətliam nəticəsində 133 nəfər öldürülmüş, 700-ə yaxın insan ağır yaralanmışdır. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı rus, ukraynalı, yəhudi, ləzgi, tatar və s. millətlərdən olan mülki insanlar da var idi.

Azərbaycanda müstəqillik uğrunda ümumxalq tələbinə qarşı zorakı cavab olaraq həyata keçirilmiş bu işğal həm Azərbaycan, həm də SSRİ-nin müstəqillik əldə etməyə çalışan digər respublikaları üçün aşkar xəbərdarlıq məqsədi daşıyırdı.

Faciəvi nəticələrinə baxmayaraq, 20 Yanvar günü Azərbaycan tarixinə ən şanlı məqamlardan biri kimi həkk olundu. Ölkəmiz 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini elan etdi və ərazisinin 20%-nin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, öz müstəqilliyini bu günədək qoruyub saxlaya bildi.

Bu gün Azərbaycan xalqı ölkəsinin müstəqilliyi üçün ən yüksək haqqı ödəmiş və ölkə tarixinin şərəf səhifəsinə adlarını öz qanları ilə yazmış Qanlı Yanvar qurbanlarının xatirəsini bir daha ehtiramla yad edir.

 

növbəti xəbər əvvəlki xəbər