2019-05-08
Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa Azərbaycana rəsmi səfər edib

Səfər çərçivəsində, 1 may 2019-cu il tarixində Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Prezident İlham Əliyev Uruqvay Xarici İşlər naziri Rodolfo Nin Novoanın ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi. Eyni zamanda, Prezident İlham Əliyev Rodolfo Nin Novoanın Azərbaycanda görüşləri zamanı iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı perspektivlərin müəyyənləşdiriləcəyinə əmin olduğunu dedi.

Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa Prezident İlham Əliyevlə görüşdən məmnunluq hissi keçirdiyini qeyd edərək, qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı zəmin yaratdığını dedi. O, Azərbaycan ilə Uruqvay arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət dövriyyəsinin artırılmasının da zəruri olduğunu vurğuladı. Uruqvaylı nazir ölkəsinin bütün dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olaraq qaldığını diqqətə çatdırdı. Rodolfo Nin Novoa Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu ifadə etdi.

Görüşdə V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı və bu Forumun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı ölkələrimiz arasında kənd təsərrüfatının müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğu bildirdildi.

Nazir Rodolfo Nin Novoa həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Təkbətək və geniş tərkibdə olan danışıqlarda nazirlər iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd ediblər.

Nazir E.Məmmədyarov uruqvaylı həmkarını səmimi salamlayaraq, onun ölkəmizə rəsmi səfər etməsini yüksək dəyərləndirib və hazırda Azərbaycanla Uruqvay arasında münasibətlərin genişlənməsi mərhələsinin müşahidə edildiyini bildirib.

Rodolfo Nin Novoa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğundan və Bakıda keçirilən V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcəyindən məmnunluğunu bildirib. O, ölkələr, xalqlar arasında xoşməramlı təmasların vacibliyini vurğulayıb və Uruqvayın məhz bu mövqedən çıxış edərək artıq 200 il ərzində davamlı şəkildə dünya ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, bu mövqeyə daim sadiq qaldığını bəyan edib.

Uruqvaylı nazir Azərbaycanı dost ölkə adlandıraraq, ikitərəfli münasibətlərin kifayət qədər geniş iqtisadi gündəmə malik olduğunu söyləyib. Buna misal olaraq o, ötən ilin nəticələrinə dair Azərbaycanın Uruqvaya ən çox neft ixrac edən 5 ölkə sırasında olduğunu yada salıb. Uruqvayın Azərbaycan ilə kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirən R.Nin Novoa ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının genişləndirildiyini qeyd edib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Uruqvayın nümayiş etdirdiyi prinsipial mövqeyinə görə təşəkkürünü ifadə etdi. Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməyə uyğun bir şəkildə həll olunmasının önəmini vurğulayıb və Uruqvay tərəfinin bəyan etdiyi rəsmi mövqeyinin bununla eyni olduğunu razılıqla ifadə edib.

İkitərəfli əlaqələrin müqavilə-hüquq bazasına toxunan nazir Elmar Məmmədyarov iqtisadi, ticarət və humanitar əməkdaşlığın təşviqi üçün daha münbit şərait yaradan bir sıra saziş layihələrinin hazırda baxılmaqda olduğunu və Rodolfo Nin Novoanın hazırkı səfəri çərçivəsində Azərbaycan və Uruqvay hökumətləri arasında "İqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş"in imzalanacağını məmnuniyyətlə səsləndirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan-Uruqvay parlamentlərarası təmasların genişləndirilməsinin vacibliyini qeyd edərək, həmin əlaqələrin də qarşılıqlı faydalı əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb.

Görüş əsnasında, həmçinin ikitərəfli və çoxtərəfli gündəliyə aid digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici İşlər naziri Rodolfo Nin Novoa İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə Azərbaycan və Uruqvay arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Ş.Mustafayev qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri inkişaf edir, Azərbaycan 2018-ci ildə Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olub. Bununla belə, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan və Uruqvay nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili iqtisadi əməkdaşlığın və biznes strukturları arasında əlaqələrin möhkəmləndirilməsində faydalı ola bilər.

Nazir iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazasının yaradılmasının önəmini qeyd edib, Azərbaycan və Uruqvay arasında əməkdaşlığın inkişafı üçün potensialı diqqətə çatdırıb. Qeyd olunub ki, Uruqvay şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalana bilərlər.

Uruqvay Şərq Respublikasının xarici işlər naziri ölkəmizdə həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən məmnunluğunu ifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağını vurğulayıb. Rodolfo Nin Novoa mövcud potensialdan istifadənin, iş adamları arasında görüşlərin təşkil edilməsinin iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsində əhəmiyyətini diqqətə çatdırıb.

Həmçinin görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sənəddə ölkələrimiz arasında iqtisadi, ticarət və texniki əməkdaşlığın genişləndirilməsi məqsədilə Birgə Komissiyanın yaradılması, kiçik və orta şirkətlər arasında əməkdaşlığın, hər iki ölkədə keçirilən beynəlxalq sərgi və yarmarkalarda iştirakın təşviqi, investisiya sahəsində təcrübə mübadiləsinin təşkili və sair məsələlər nəzərdə tutulur.

Səfər çərçivəsində Rodolfo Nin Novoa Kənd Təsərrüfatı naziri İnam Kərimovla görüşüb. Nazir İnam Kərimov son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə geniş məlumat verib. İnam Kərimov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq, hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə danışıb. Azərbaycan və Uruqvay arasında aqrar ticarət sahəsində böyük potensialın olduğunu deyən nazir bu istiqamətdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ölkəsində Azərbaycanla bir çox sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq niyyətində olduqlarını bildirib.

Qonaq iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərini əsirgəməyəcəyini deyib.

əvvəlki xəbər