Uruqvayın "La Diaria" qəzetində azərbaycanlı diplomatın erməni icmasının üzvü olan jurnalistə cavabı dərc edilib.
Oktyabrın 7-də Uruqvayın "La Diaria" qəzetində erməni icmasının üzvü, jurnalist Stefani Demirciyanın (Stephanie Demirjian) Ermənistan-Azərbaycan münaqişəsi və ölkəmizlə bağlı qərəzli, təhrif edilmiş məlumatlara əsaslanan məqaləsi işıq üzü görmüşdü. Buna cavab olaraq, Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasındakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Ruslan Rzayevin həmin qəzetin redaksiyasına ünvanladığı məktub qəzetin 27 oktyabr nömrəsində dərc edilib.
Məktubunda azərbaycanlı diplomat diqqətə çatdırır ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanınır. Müəllif qeyd edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ və yeddi ətraf rayon da daxil olmaqla ölkə ərazisinin 20 faizini işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, bir milyon soydaşımızı qaçqına və məcburi köçkünə çevirib, mülki azərbaycanlı əhaliyə qarşı qətliamlar, Xocalı soyqırımı törədib. İşğal edilmiş ərazilərdə bir nəfər belə azərbaycanlının qalmadığını, Azərbaycana məxsus tarixi-mədəni irsin dağıdıldığını bildirən diplomat BMT də daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların öz qətnamə və sənədlərində Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqlarını, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma evlərinə qayıtarılmasını tələb etdiklərini vurğulayır.
Ermənistanın beynəlxalq ictimaiyyətin bu mövqeyini inkar edərək münaqişədə status-kvonu saxlamağa çalışdığını yazan diplomat münaqişənin həllində əsas maneənin işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi olduğunu bildirir. “Hərbi-kriminal diktatura rejiminə malik olan Ermənistan beynəlxalq hüquq və fundamental demokratik prinsiplərə hörmətsiz yanaşır. Hazırkı rejimin rəhbərləri əvvəllər Dağlıq Qarabağ separatçılarına başçılıq etmiş, mülki azərbaycanlılara qarşı Xocalı soyqırımı da daxil olmaqla qətliamlar törətmiş, sonradan isə Ermənistanda dinc vətəndaşlara qarşı qətllər, terror aktları həyata keçirərək hakimiyyəti qəsb etmiş şəxslərdir”,- deyə Ruslan Rzayev vurğulayır. Diplomat qeyd edir ki, Ermənistandakı rejim problemin həllində maraqlı deyil, münaqişə ilə bağlı status-kvonun saxlanılması çətin iqtisadi vəziyyət və yoxsulluq səbəbindən ölkəni tərk edən əhalinin geniş etirazlarının qarşısını almaq üçün vasitədir. Konstitusiya islahatları irəli sürməklə Ermənistandakı rejim hakimiyyətini əbədiləşdirmək niyyətindədir. Bu siyasətlə Ermənistanın dünyanın ən geridə qalmış ölkələrindən birinə çevrildiyini, ciddi problemlərinin həllinin yalnız Azərbaycan ilə əməkdaşlıqdan asılı olduğunu vurğulayan diplomat Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycana məxsus olduğunu, respublikamızın regional inkişafın aparıcı qüvvəsi olduğunu bildirir.
Diplomat məktubunu bu fikirlərlə tamamlayır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü regionda sülh və təhlükəsizlik üçün əsas təhdiddir. İşğalçı ölkə Azərbaycan ilə sülh razılığı əldə etmək üçün tələsməli və ilk addım kimi öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır”.