2015-12-03

- Argentinanın La Plata şəhərində yerləşən Beynəlxalq Kukla Muzeyində Azərbaycan vitrini açılmışdır

2015-ci ilin 3 dekabr tarixində Azərbaycanın Argentinadakı Səfirliyinin iştirakı ilə həmin ölkənin La Plata şəhərində yerləşən “Uşaqlar Respublikası”nın (“República de los Niños”) nəzdində fəaliyyət göstərən Beynəlxalq Kuklalar Muzeyində Azərbaycana məxsus kuklalardan ibarət vitrin açılmışdır.

Qeyd etmək istərdik ki, “Uşaqlar Respublikası” adlı tematik park 1951-ci ildə istifadəyə verilmişdir. Parkın yaradılmasının iki məqsədi olmuşdur: uşaqlar üçün nağıllar dünyasının canlandırılması və demokratik dövlətdə vətəndaşlara məxsus hüquq və vəzifələrin həyata keçirilməsinin uşaqlar tərəfindən öyrənilməsi vasitəsilə gələcək vətəndaşların yetişdirilməsi. Burada uşaqlar üçün mini Hökumət Evi, Parlament binası, Bank, Mədəniyyət Mərkəzi, habelə müxtəlif dərnəklər  fəaliyyət göstərir. Həmin park Amerikanın ilk tematik parkıdır. İl ərzində həmin parkı Argentinanın fərqli əyalətlərindən on minlərlə şagird, habelə müxtəlif ölkələrdən turistlər ziyarət edirlər.

Parkın nəzdində fəaliyyət göstərən Beynəlxalq Kuklalar Muzeyində müxtəlif ölkələrə məxsus 2500-dən artıq milli geyimli kuklalar nümayiş olunur. Həmin eksponatlar Muzeyə müxtəlif səfirliklər və ayrı-ayrı şəxlər tərəfindən hədiyyə olunmuşdur.  Muzey Argentina, Amerika, Asiya, Afrika, Avropa kimi tematik zallardan ibarətdir.

Avropa zalında quraşdırılan Azərbaycan vitrinində ölkəmizin qədim və müasir memarlığını əks etdirən fotolardan ibarət kollaj fonunda milli geyimli kuklalar, saxsı fiqurlar və kiçik xalçalar yerləşdirilmişdir. Vitrin onun açılışı zamanı muzeyi ziyarət edən şagirdlərin böyük marağına səbəb olmuş, onların ölkəmizlə bağlı sualları cavablandırılmışdır. Muzeydə Azərbaycan vitrini daimi əsasda qalacaqdır və vitrindəki eksponatlar Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən muzeyə hədiyyə olunmuşdur.

Muzeydə Azərbaycan eksponatlarından ibarət vitrinin açılması ilə bağlı La Plata şəhərinin ən böyük KİV olan “El Dia” qəzetində məlumat da dərc olunmuşdur

Arxiv üzrə axtarış