2016-04-08

Argentinanın ən böyük əyalətlərindən biri olan Kordoba (Córdoba) əyalətinin aparıcı “La Voz” qəzetinin 8 aprel tarixində çıxmış həm çap, həm də elektron buraxılışlarında Səfirliyin müvəqqəti işlər vəkili R.Aslanovun “Azərbaycan münaqişənin həllində ən maraqlı tərəfdir” başlıqlı məqaləsi dərc olunmuşdur

“20 ildən artıq müddətdir ki, Ermənistan gücdən istifadə edərək Azərbaycanın 20% torpağını işğal etmiş,  həmin ərazilərdə 1 milyon azərbaycanlını etnik təmizləməyə məruz qoymuş və müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmişdir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə açıq şəkildə məhəl qoymur.

2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etmişdir. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olmuş, 26 şəxs ağır yaralanmışdır. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə ciddi ziyan dəymişdir. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə raket zərbələri endirilmişdir. 

Ermənistanın qeyd olunan əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də Silahlı münaqişələr zamanı mədəni obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır.

Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilmişdir.

Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görməkdədir.

Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır ki, regionda hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Ermənistanın son əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın önəm verdiyi dəyərlər üçün ciddi təhlükə təşkil edir” 

http://www.lavoz.com.ar/mundo/azerbaijan-es-el-mas-interesado-en-una-solucion-del-conflicto

Arxiv üzrə axtarış