Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Argentinanın müdafiə naziri Xulio Martinezlə görüşüb
Azərbaycan Respublikasının Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov 19 aprel 2016-cı il tarixində Argentinanın müdafiə naziri Xulio Martinezlə görüşüb. Görüşdə müdafiə nazirinin strategiya və hərbi məsələlər üzrə müavini Anxel Pablo Tello və locistika və fövqəladə hallarda əlaqələndirmə üzrə müavini Valter Sebayos da iştirak ediblər. Görüş zamanı Azərbaycan və Argentina arasında siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
R.Aslanov həmsöhbətinə Azərbaycan haqqında məlumat verib, onun tarixi, yerləşdiyi region, iqtisadi inkişafı və digər ölkələrlə münasibətləri haqqında danışıb. Habelə Argentina və Azərbaycan arasındakı münasibətlərin hazırkı durumu və bu münasibətlərin daha da gücləndirilməsi imkanları haqqında söhbət açıb.
R. Aslanov iki ölkənin müdafiə nazirlikləri arasında, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın da mühümlüyünə toxunub, bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Argentinalı nazir ölkəsinin bütün ölkələrlə yaxşı münasibətlərin qurulmasına çalışdığını, bu baxımdan Azərbaycanla əlaqələrin gücləndirilməsinin Argentina üçün də önəm daşıdığını vurğulayıb.
Daha sonra R.Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, münaqişənin həlli yolları istiqamətində aparılan danışıqlar və bu danışıqlarda Ermənistan tərəfinin tutduğu mövqe barədə qarşı tərəfə ətraflı məlumat verib, beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycan tərəfinin mövqeyini dəstəkləyən sənədləri haqqında danışıb.
X.Martinez Argentinanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsinin də sülh yolu ilə öz həllini tapacağına ümid etdiyini vurğulayıb.