2016-04-29

Argentina Beynəlxalq Əlaqələr Şurasının (CARİ) rəsmi internet səhifəsində "Ermənistan və Azərbaycan arasında yeni toqquşmalar" başlıqlı məqalə dərc olunub

Argentinanın aparıcı fikir institutlarından biri olan Argentina Beynəlxalq Əlaqələr Şurasının (CARİ) rəsmi internet səhifəsində "Ermənistan və Azərbaycan arasında yeni toqquşmalar" başlıqlı məqalə dərc olunub.

Argentinanın La Plata Dövlət Universtitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru, Azərbaycanşünaslıq kafedrasının koordinatoru Paulo Botta tərəfindən yazılmış məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, münaqişənin regionda yaratdığı nəticələr, region ölkələrinin və digər beynəlxalq güclərin münaqişənin həllində oynadığı rol, münaqişənin həlli istiqamətində aparılan danışıqlar, habelə təmas xəttində baş vermiş son gərginliklər barədə ətraflı məlumat verilir.

Münaqişə tərəflərinin mövqelərini göstərən məqalə müəllifi, Azərbaycanın ərazi bütövlüyünün vacibliyini, işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, bunun beynəlxalq təşkilatların sənədlərində, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrində öz təsdiqini tapdığını vurğulayır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyi də məqalədə əks olunur.

Habelə Ermənistan tərəfinin əsassız iddiaları, sülh danışıqlarını pozmaq və işğalı davam etdirmək niyyəti, bu siyasət nəticəsində Ermənistanın regionda təcrid olunduğu qeyd olunur.

Məqalədə Ermənistanın yalnız mübahisə etdikləri ərazini deyil, heç vaxt iddia etmədikləri, lakin Ermənistan Respublikası ilə Azərbaycanın Dağlıq Qarabağ zonası arasında birbaşa hərbi dəhliz kimi ehtiyac duyduqları digər Azərbaycan ərazilərini də işğal etdiyi yazılır.

Məqalədə qeyd olunur ki, "dqr" adlı qurum dünya birliyinin heç bir üzvü tərəfindən, o cümlədən Ermənistan rəsmiləri tərəfindən müstəqil dövlət kimi tanınmır, Dağlıq Qarabağın əhalisi pul vahidi kimi Ermənistan dramından, Ermənistan pasportundan istifadə  edirlər. Beynəlxlaq Krizis Qrupu və ya London Beynəlxalq Strateji Araşdırmalar İnstitutu kimi araşdırma mərkəzlərinin gəldiyi nəticələrə istinad edən müəllif “dqr”-in rəsmi orqanlarının praktikada Ermənistanın müvafiq orqanlarından ayrılmadığını yazır. “Dqr” başçısı olmuş Robert Köçəryanın daha sonra Ermənistanın baş naziri və prezidenti, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyanın əvvəllər Dağlıq Qarabağda özünümüdafiə komitəsinin sədri, Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyanın isə “dqr” müdafiə naziri olduğu da oxucuların diqqətinə çatdırılır.

Daha sonra Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyinə də toxunan müəllif, Rusiya, ABŞ, İran, Gürcüstan, Türkiyə kimi dövlətlərin də bu münaqişə ilə bağlı mövqe və fəaliyyətlərini də təhlil edir. Ermənistanın üzv olduğu Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Təşkilatının digər üzvləri tərəfindən gözlədiyi dəstəyi almadığı vurğulanır.

http://www.cari.org.ar/pdf/at119.pdf

Arxiv üzrə axtarış