2016-07-12

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalamışdır.

Ölkəyə xarici turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə xarici turistlərə münasibətdə geniş istifadə edilən “tax free” sisteminin respublikamızda tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti  İ.Əliyev 2016-cı ilin 12 iyul tarixində  “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında Fərman imzalamışdır.

Qaydaya əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və alındığı tarixdən 90 gün müddətində ölkə ərazisindən aparılan istehlak mallarına görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra - ƏDV) həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.

Qayda aksizli mallar,  ərzaq malları, dərman preparatları və tibbi ləvazimatlar, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallar, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallar,  ixracı üçün lisenziya tələb olunan mallar,  çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlar,  külçə şəklində qiymətli metallar,  müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallar,  nəqliyyat vasitələri və onların ehtiyat hissələri,  poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil edilmir.

Bu Qayda bir elektron vergi-hesab fakturası üzrə malların dəyəri (ƏDV ilə birlikdə) 300 manatdan çox olduğu hallarda tətbiq edilir.

 

Arxiv üzrə axtarış