2016-10-21

Səfir R.Aslanov Argentinanın səhiyyə naziri Xorxe Lemusla görüşüb

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov 21 oktyabr 2016-cı il tarixində Argentinanın səhiyyə naziri Xorxe Lemusla görüşüb. Görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli siyasi-iqtisadi əlaqələr, o cümlədən səhiyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

R.Aslanov həmsöhbətinə Azərbaycan haqqında məlumat verib, onun tarixi, yerləşdiyi region, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar və digər ölkələrlə münasibətləri haqqında danışıb. O, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlıq imkanlarına toxunub, bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib. Əczaçılıq sahəsində əməkdaşlıq imkanlarından söhbət açan səfir bu sahədə Argentinanın zəngin təcrübəyə və inkişaf etmiş texnologiyaya malik olduğunu, bu baxımdan ölkələrimiz arasında əməkdaşlığın önəmli olduğunu diqqətə çatdırıb. Habelə, baytarlıq sahəsində istifadə olunan müvafiq dərman və digər tibbi məmulatlar üzrə əməkdaşlıq imkanları da R.Aslanov tərəfindən müzakirəyə çıxarılıb.

Argentinalı nazir rəhbərlik etdiyi qurumun səhiyyə sahəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, habelə hər iki ölkənin əczaçılıq sahəsində ixtisaslaşmış şirkətləri arasında əlaqələrin qurulması üçün lazım olan dəstəyi göstərəcəyini vurğulayıb. Nazir X. Lemus ölkəmizin paytaxtı haqqında çox eşitdiyini, Bakının regionun strateji şəhərlərindən biri olduğunu bildirib, gələn il ərzində özünün və Argentinanın səhiyyə sahəsində ixtisaslaşmış müxtəlif şirkətlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin reallaşa biləcəyini söyləyib.

 

Arxiv üzrə axtarış