2016-11-18

Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası keçirilib

Azərbaycan 16-18 noyabr tarixlərində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edib. Tədbirlərdə 80 ölkədən 100-ə yaxın xəbər agentliyinin dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-dək rəhbəri və təmsilçisi, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunub. Belə ki, tədbirlərdə iştirak etmək üçün Bakıya Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev belə bir vacib, qlobal və beynəlxalq tədbirə ev sahibliyi etməyin böyük şərəf olduğunu söyləmiş, qonaqların gündəlikdəki vacib məsələləri müzakirə etməsi ilə yanaşı, onların Azərbaycan haqqında daha dolğun məlumat əldə edəcəyinə, ölkənin inkişafının şahidi olacaqlarına əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev bildirmişdir ki, həmin tədbirin Bakıda keçirilməsi həm də müstəqil medianın inkişafı sahəsində Azərbaycanın fəaliyyətinin və nailiyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi hesab olunur.

Prezident İlham Əliyev çıxışında bildirmişdir: “Müstəqilliyin bərpa olunmasından sonra uzun illərdir üzləşdiyimiz problemlər sırasında istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dayanır. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Bu gün təkcə sovet dönəmində Azərbaycanın tərkibində muxtar vilayət olmuş Dağlıq Qarabağ deyil, ölkənin yeddi digər rayonu da erməni işğalı altındadır. Bu işğal 20 ildən artıqdır ki, davam edir. İşğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bu gün Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bütün aparıcı beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul ediblər. 1990-cı illərin əvvəlində BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, orada Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan həmin qətnamələrə məhəl qoymur, beynəlxalq ictimaiyyətə saymazlıq edir. Burada ciddi müzakirələr aparılmalı və addımlar atılmalıdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılsın. Çünki bəzi hallarda biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir neçə gün içərisində icra edildiyinin şahidi oluruq. Bizə gəldikdə isə artıq 20 ildən çox vaxt keçir. Bu, Azərbaycana qarşı ikili standartların göstəricisidir. Münaqişə ən qısa zamanda öz həllini tapmalıdır. Bu həll beynəlxalq hüquqa və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər dövlətin ərazi bütövlüyü qədər dəyərlidir. Biz tez-tez eşidirik ki, postsovet məkanında olan digər münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Həmin prinsip Azərbaycana da şamil olunmalıdır”.

Arxiv üzrə axtarış