2017-03-20

Azərbaycanda Novruz bayramı qeyd olunur

Dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını əziz tutub. Azərbaycanda hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub.

Hər il olduğu kimi, bu il də Azərbaycanda Novruz bayramı təntənə ilə qeyd olunur. Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı bayram şənliyində nitq söyləyərək qeyd edib ki, Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulub. Öz mədəniyyətini, incəsənətini, ana dilini, bayramlarını qoruyur, yaşadır. Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, dünya miqyasında qiymətləndirilir.

2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan dəyərli mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri təcəssüm etdirir.

Arxiv üzrə axtarış