2017-05-05

Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir

2017-ci ilin 5 may tarixində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Forumun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Forumun artıq dünya məsələlərini müzakirə edən qlobal beynəlxalq platformaya çevrildiyini, Forumda 120-dən artıq ölkədən 800-dən çox nümayəndənin iştirak etdiyini, mötəbər beynəlxalq qurumların Forumun tərəfdaşları qismində çıxış etdiklərini diqqətə çatdırıb. Ölkə Prezidenti Azərbaycanın 25 illik müstəqillik dövründə bir çox uğurlara imza atdığını bildirib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüququn normalarına uyğun olaraq həll edilməsinin vacibliyini bir daha vurğulayıb.

İlk dəfə olaraq Forumda 25-dən artıq beynəlxalq təşkilatın rəhbəri iştirak edir. Forum çərçivəsində 40-a yaxın panel sessiya və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.  

Arxiv üzrə axtarış