Azərbaycanda 15 iyun tarixi Milli Qurtuluş Günü kimi qeyd edilir
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi, lakin müstəqilliyin ilk illərində ölkədə daxili vəziyyət pisləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik halları artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yarandı.
1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin ağır günlərində xalqın təkidli dəvətini qəbul edən Azərbaycanın görkəmli oğlu Heydər Əliyev iyunun 9-da Bakıya gəldi.
Ümummilli lider Heydər Əliyev çox az bir vaxtda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.
1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci ilin iyununda bu günü bayram elan etdi.