2017-07-19

Bakı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçirilib

2017-ci ilin 19 iyul tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri cənab Rəşid Meredovun iştirakı ilə dördüncü üçtərəfli görüş keçirilib.

Üçtərəfli görüşün yekunlarına dair birgə bəyanat qəbul olunub. Bəyanatda qarşılıqlı şəkildə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və qətiyyətli dəstək bir daha təsdiqlənib, müvafiq regional və beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətin vacibliyi qeyd olunub.

Bəyanatda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan prezidentlərinin Türkmənistanda keçirilməsi nəzərdə tutulan Birinci Üçtərəfli Zirvə Görüşünün əhəmiyyəti vurğulanıb.

Bəyanatda habelə iqtisadi, ticarət, enerji, nəqliyyat, informasiya texnologiyaları, gömrük, təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə üçtərəfli əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd olunub.

Növbəti üçtərəfli görüşün Türkmənistanda keçirilməsinə dair razılıq əldə olunub.

Arxiv üzrə axtarış