Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VI Görüşünə dair
2017-ci ilin 6 sentyabr tarixində Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri cənab Mixeil Canelidze və Türkiyə Respublikasının xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun iştirakı ilə üç dövlətin xarici işlər nazirlərinin VI Görüşü keçirilib.
Görüşün yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub. Bəyannamədə üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə olunub və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqlik bir daha təsdiqlənib.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü bir daha bəyan edilib.
Bəyannamədə iqtisadiyyat və ticarət, enerji, nəqliyyat, informasiya texnologiyaları, müdafiə, ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, səhiyyə, turizm, idman sahələrində üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülük, hörmət, dialoq və əməkdaşlığın təşviqinin vacibliyi vurğulanıb. Terrorçuluq, ekstremizm və separatçılığın bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik maddələr, qeyri-qanuni silah ticarəti, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətlər və miqrant qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsinə sadiqlik bəyan olunub.
Növbəti üçtərəfli görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunub.