2017-11-30

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Qaz İxrac edən Ölkələr Forumuna üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edib

2017-ci ilin 21-24 noyabr tarixlərində Boliviyanın Santa Kruz şəhərində Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısı keçirilib. Cari Forum ərzində əsas etibarilə təbii qaz ehtiyatlarının suverenliyinin təşviqi, qaz bazarında sabitliyin təmin olunmasına töhfə verilməsi, üzv ölkələr arasında texnologiya mübadiləsinin yaxşılaşdırılması, Forumun təbii qaz sektorunda etibarlı və lider qurum kimi mövqelərinin möhkəmləndirilməsi kimi məsələlər müzakirə olunub. Qaz İxrac edən Ölkələrin Forumunun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.

Müşahidəçi statusuna malik Azərbaycan Forumda energetika naziri Pərviz Şahbazovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.  

Sammitdə çıxış edən Pərviz Şahbazov Azərbaycanın 2001-ci ildən etibarən forumun işini diqqətdə saxladığını və 2015-ci ildə isə müşahidəçi statusu aldığını deyib. Bildirib ki, GECF enerji sahəsində qlobal çağırışların müzakirəsi, beynəlxalq qaz bazarının tənzimlənməsi, qaz istehsalı və tədarükü sahəsində yeni texnologiyaların tətbiqi üzrə təcrübə mübadiləsi və tərəfdaşlar ilə dialoq üçün effektiv bir platformadır.

Karbohidrogen ehtiyatlarının quruda və dənizdə ilk dəfə olaraq Azərbaycanda çıxarıldığını vurğulayan nazir deyib ki, müstəqillik qazandıqdan sonra ölkəmiz regional və qlobal səviyyədə strateji enerji layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və fəaliyyəti Azərbaycanı qlobal enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaşa çevirib. Transmilli enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə Azərbaycan qazı yeni mənbə kimi Avropa bazarına daxil olaraq, qitənin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.

Forum çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Boliviyanın energetika naziri Luis Alberto Sançes, eləcə də tədbirdə iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə energetika sektorunda əməkdaşlıq imkanları müzakirə olunub.

Arxiv üzrə axtarış