Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib. Beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın İslam həmrəyliyi işinə böyük töhfələr verdiyini, İslam dəyərlərinin Azərbaycanın milli mənəvi dəyərlərinin tərkib hissəsi olduğunu qeyd etmişdir. Prezident İ.Əliyev bildirmişdir ki, dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsinin bu gün Azərbaycanı gücləndirən amillərdən biridir, Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər hüquqlara malikdir. O vurğulayıb ki, Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz.
Prezident İ.Əliyev həmçinin qeyd edib ki, bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarının 20 faizini 20 ildən çoxdur ki, işğal etdiyi, etnik təmizləmə siyasəti nəticəsində bu torpaqlardan bir milyondan çox azərbaycanlının qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, Ermənilərin qanlı cinayət – Xocalı soyqırımını törətdiyi, işğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrin, məscidlərin ermənilər tərəfindən dağıdıldığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb.