2018-05-29

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur

Bir əsr bundan öncə, məhz bu tarixdə İstiqlal bəyannaməsinin qəbul edilməsi ilə xalq hakimiyyəti, milli, irqi, dini və sinfi bərabərlik və təməl insan hüquqları kimi başlıca demokratik dəyərləri özündə birləşdirən Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur və bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə ilk cümhuriyyətin yüzillik yubileyini qeyd edir.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq qısa müddətli mövcudluğu ərzində dövlətin və xalqın inkişafı naminə bir çox mütərəqqi addımlar atmağa nail oldu. Bu müddət ərzində dövlətin aparıcı strukturları təşkil edildi, hökumət formalaşdırıldı, Azərbaycanın ilk milli Parlamenti fəaliyyətə başladı, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu quruldu, ölkədə ilk universitet təsis olundu, təhsil milliləşdirildi və xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin yaradan digər əhəmiyyətli işlər görüldü. Azərbaycan Xalq Cümhuriyyəti həm də islam dünyasında qadınlara yüz il bundan öncə səsvermə və seçilmək hüququ verən ilk demokratik respublika olmaqla tarixə düşdü.

Dünya birliyi tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyəti bütün dövlətlərlə qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yaratmağa çalışırdı. Məhz Xalq Cümhuriyyətinin bu fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyektinə çevrilməsi 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. 1991-ci ildə müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olaraq onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytardı, milli mənlik şüurunu inkişaf etdirdi və nəticədə Azərbaycan öz milli suverenliyini və müstəqilliyini möhkəmləndirməyə nail oldu.

Arxiv üzrə axtarış