2018-08-12

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mərasimi olub.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması regionumuz və ölkəmiz üçün mühüm addımdır. Region xalqları əsrlər boyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, bu dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Rusiya ilə İran arasında 1921-ci il tarixli və SSRİ ilə İran arasında 1940-cı il tarixli sazişlər yalnız dənizdə gəmiçilik və balıqçılıq məsələlərini tənzimləməklə məhdudlaşırdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir.

 Zirvə toplantısında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır və onlar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir. Bu Konvensiyanın imzalanması BMT-nin baş katibi daxil olmaqla, bütün beynəlxalq ictimaiyyət və dünya mediası tərəfindən çoxtərəfli diplomatiyanın təntənəsi kimi qiymətləndirilib.

Qeyd olunmalıdır ki, Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb və tərəflərə təqdim edilib. Bu amil həmin dövrdə danışıqlar predmetinin müəyyən edilməsində müstəsna rol oynayıb. Bundan əlavə, hazırda Konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq, eləcə də dənizdə tərəflərin əməkdaşlığının əsasını təşkil edən fundamental prinsiplər üzrə razılaşma 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub.

Həmçinin Konvensiyanın ərsəyə gətirilməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər hövzəsində qarşılıqlı etimada, dostluğa, xoş niyyətə və əməkdaşlığa əsaslanan münasibətlər qurmağa müvəffəq olmasının nəticəsi kimi də qiymətləndirilə bilər.

Konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub.

Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir.

 

Qeyd: Material Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfovun AZƏRTAC-a verdiyi müsahibə əsasında hazırlanıb.

Arxiv üzrə axtarış