Xarici İşlər naziri Elmar Məmmədyarov Çili Respublikasına, Argentina Respublikasına, Uruqvay Şərq Respublikasına və Paraqvay Respublikasına səfərlər edib
18-19 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində Çili Milli Konqresində bir sıra görüşlər keçirib. Çili Senatının sədri Xaime Kintana, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Xose Miqel İnsulza, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fransisko Çauan və qrupun digər üzvləri ilə keçirilən görüşlərdə Azərbaycan və Çili arasında dostluq münasibətlərinin inkişaf etməkdə olduğu, qarşılıqlı olaraq diplomatik təmsilçiliklərin fəaliyyət göstərdiyi vurğulanıb. Görüşlərdə iqtisadi-ticarət, enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, nəqliyyat, mədəni-humanitar, təhsil və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün geniş potensialın olduğu qeyd edilərək, ikitərəfli münasibətlərin, eyni zamanda xalqlarımız arasında əlaqələrin gücləndirilməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən bəhs olunub.
Nazir E.Məmmədyarov Azərbaycan və Çilinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, beynəlxalq gündəlikdə duran əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildirib. Bu konteksdə, hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğunu vurğulayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Çili tərəfinin də bu əhəmiyyətli tədbirə dəvət olunduğunu qeyd edib.
Daha sonra E.Məmmədyarov Çili Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin gündəlik sessiyasında iştirak edərək komitənin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Pablo Vidal və komitənin və dostluq qrupunun digər üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan haqqında geniş məlumat verən nazir E. Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirərək əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu qeyd edib. Həmçinin, Çili və Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etməsindən və bu xüsusda, Azərbaycanın hərəkata sədrliyinin prioritetlərindən və Bakıda keçiriləcək Zirvə Toplantısından danışıb.
Görüş zamanı E.Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll
edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb.
E.Məmmədyarov Çili Deputatlar Palatasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutaraq Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi üçün təşəkkürünü bildirib.
20-21 mart 2019-cu il tarixlərində Xarici İşlər naziri Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb. Nazir E.Məmmədyarov Buenos Ayres şəhərində keçirilən Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin yüksək səviyyəli konfransına uğurlu ev sahibliyinə görə Argentina hökumətinə təşəkkürünü bildirərək, Azərbaycanın bu platforma çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Görüşdə həmçinin Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, səhiyyə və turizm sahəsində əməkdaşlıq üçün geniş perspektivlər qeyd edilərək, bu sahələrdə konkret nəticələrin əldə edilməsi baxımından birgə səylərin gücləndirilməsinə ortaq niyyət ifadə edilib.
Sonda Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra sosial-iqtisadi sahədə əldə etdiyi nəzərəçarpan uğurları izlədiyini bildirən X.Fori Azərbaycana səfər etmək arzusunda olduğunu qeyd edib.
Nazir Elmar Məmmədyarov Argentina Respublikasına səfəri çərçivəsində Argentina Deputatlar Palatasının sədri deputat Emilio Monzo ilə görüşüb.
Görüşdə Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd edilərək, parlament üzvlərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əməkdaşlıq imkanlarının araşdırılması baxımından faydalı ola biləcəyi
vurğulanıb.
Görüşdən sonra Argentina Deputatlar Palatasında Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, həmçinin Palatanın Xarici İşlər və Etiqad Komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə əsasən iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin irəlilədilməsi üçün geniş potensialın olduğu, bu xüsusda iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.
Nazir E.Məmmədyarov həmçinin Argentina Senatının müvəqqəti sədri Federiko Pinedo ilə görüşüb. F.Pinedo Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmiz və xalqımız haqqında xoş təəssüratlarını bölüşüb. Görüşdə ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər müzakirə edilib və ikitərəfli münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmi qeyd olunub.
22 mart 2019-cu il tarixində Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşündə ikitərəfli münasibətlərin geniş spektrinə dair ətraflı müzakirələr aparıb. Görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub. İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın ötən il Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə olduğunu qeyd edib. Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturdan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Uruqvay tərəfinin də bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib.
Görüş zamanı Nazir Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib və Uruqvayın münaqişənin həllinə dair beynəlxalq hüquqa əsaslanan mövqeyini məmnunluqla qarşılandığını ifadə edib. Öz növbəsində, Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa ümumiyyətlə Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. Münaqişə mövzusunun ölkəmiz üçün həssaslığını anladıqlarını vurğulayan nazir Nin Novoa ölkəsinin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyinin dəyişilməz qalacağını bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Uruqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək Zirvə Toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Uruqvay Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi razılaşdırılıb.
23 mart 2019-cu il tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Paraqvay Respublikasına ilk rəsmi səfəri çərçivəsində Paraqvayın Xarici İşlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb. Görüşdə Azərbaycan və Paraqvay arasında siyasi münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb. Həmçinin, kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq gələcəkdə bu
istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının yaradılması barəsində razılığa gəlinib, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.
Paraqvaylı nazir iki ölkə arasında məsafə uzaqlığına baxmayaraq, artıq yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu, Azərbaycan xarici işlər nazirinin Paraqvaya ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini qeyd edib.
Məmmədyarov Azərbaycan hökuməti tərəfindən iqtisadi-sosial sahədə həyata keçirlmiş islahatlar, Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla reallaşdırılan genişmiqyaslı enerji və infrastruktur layihələri barəsində danışıb. Bu xüsusda, E.Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionda inteqrasiya proseslərinə başlıca əngəl olan, regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov Paraqvay Milli Konqresinin Deputatlar Palatası tərəfindən Xocalıda törədilmiş soyqırımının pislənməsinə dair bəyanatın qəbulunun
yüksək qiymətləndirildiyini vurğulayıb.
Azərbaycan və Paraqvayın çoxtərəfli platformada uğurla əməkdaşlıq etdiyini bildirən E.Məmmədyarov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Paraqvay tərəfinin bu əhəmiyyətli tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib. Daha sonra E.Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən L.Kastiqlioni bu dəvəti dəyərləndirəcəyini diqqətə çatdırıb.
Sonda “Paraqvay Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb. Səfər çərçivəsində E.Məmmədyarov həmçinin Paraqvay Milli Konqresinin Senatı və Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrləri Viktor Qonsales və Volter Harms ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb və hər iki ölkənin qanunverici orqanlarının qarşılıqlı səfərlərinin təşkilininin faydalı ola biləcəyi qeyd olunub.