2019-04-10

Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Ölkədə demoqrafik proseslərin inkişafının proqnozlaşdırılması sahəsində dövlət siyasətinin əsasları ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qoyuldu. Heydər Əliyevin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq olundu. Ölkəmizdə demoqrafiya siyasətinin əsas konturları müəyyənləşdirildikdən sonra növbəti mühüm addım atıldı. Prezident İlham Əliyevin 2004-cü il 11 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edildi. Bununla da demoqrafik proseslərin idarə olunması və nizamlaması istiqamətində yeni era başlandı. Demoqrafik inkişafı səciyyələndirən ailə-nikah, doğum, ölüm, təbii artım, insanların sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yaxşılaşdırılması kimi məsələlərə kompleks yanaşma çox keçmədən öz bəhrəsini verməyə başladı. 2002-ci ildə Azərbaycanda 8 milyon 202,5 min nəfər əhali qeydə alınmışdı. 2010-cu ilin əvvəlində bu göstərici 9 milyon nəfərə çatdı. 2003-2018-ci illərdə əhali sayında təxminən 1,8 milyon artım baş verib. Bunun 1 milyonu son səkkiz ilin payına düşür.

Arxiv üzrə axtarış