Argentina Respublikasının Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo Azərbaycanda rəsmi səfərdə olub
Azərbaycana rəsmi səfəri çərçivəsində Emilio Monzo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.
Qəbula görə minnətdarlığını bildirən Emilio Monzo Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Argentinada böyük nüfuza malik olduğunu dedi və dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduğunu məmnunluqla qeyd etdi. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu dedi.
Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edildi.
Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.
E.Monzo həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Oqtay Əsədov son vaxtlar Azərbaycan-Argentina münasibətlərinin inkişaf etdiyini söyləyib. Sədr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da inkişaf etdiyini, lakin bu sahədə əlaqələrin daha da genişləndirilməli olduğunu vurğulayıb və bu xüsusda, Azərbaycan–Argentina biznes-forumunu xatırladaraq bu cür tədbirlərin sayının artırılmasının zəruriliyini qeyd edib. Oqtay Əsədov Azərbaycan-Argentina parlamentlərarası əlaqələrin yaxşı səviyyədə olduğunu, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərdiyini, qarşılıqlı səfərlər həyata keçirildiyini deyib. O, Argentina Milli Konqresinin Deputatlar Palatasının sədrinin bu səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Milli Məclisin sədri Argentinaya tutduğu mövqeyə görə təşəkkürünü bildirib və ərazi bütövlüyü prinsipinin vacibliyini vurğulayıb.
Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib və əlaqələrin genişləndirilməsi üçün sahələrin çox olduğunu, parlamentlərarası əlaqələrlə yanaşı, icra hakimiyyətləri səviyyəsində də əməkdaşlığı inkişaf etdirilməsi üçün potensialın olduğunu diqqətə çatdırıb.
Daha sonra E.Monzo Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Tərəflər iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafı baxımından önəmini xüsusi vurğulayıblar.
Bu ilin martında Argentinaya səfərini xatırladan nazir E.Məmmədyarov səfər çərçivəsində faydalı görüşlər keçirdiyini və ikitərəfli münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini bildirib.
Azərbaycan ilə Argentina arasında əlaqələrin inkişafı baxımından parlament diplomatiyasının önəmli rol oynadığını diqqətə çatdıran nazir bu səfərin ölkələrimizin münasibətlərinin inkişafına müsbət töhfə verəcəyinə ümidvar olduğunu deyib.
E.Monzo nazir Elmar Məmmədyarovun Argentinaya son səfərini və onunla keçirilmiş görüşü məmnunluqla xatırlayıb, hazırkı səfərinin Azərbaycanı daha yaxından tanımaq üçün əlverişli imkan yaratdığını qeyd edib.
E.Monzo həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovla görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğu qeyd olunub, həmçinin sərmayələrin qoyuluşu sahəsində əməkdaşlıq barəsində geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində E.Monzo İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Xalça muzeyi, Heydər Əliyev Mərkəzi, Atəşgah Kompleksi ilə tanış olub.
Məlumatda AZƏRTAC-da yer almış məlumatlardan istifadə olunub.