2019-06-30

Paraqvayın paytaxtı Asunsion şəhərində 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib

Asunsion şəhərində 28 May Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilmiş təntənəli mərasimdə Paraqvay Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Paraqvay Konqresi Senatı və Deputatlar Palatasının üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, eləcə də etnik və dini icmaların, analitik mərkəzlərin, KİV və ictimaiyyətin təmsilçiləri iştirak edib.

Tədbirdə Paraqvay Ordu Komandanlığının Hərbi Orkestrinin ifasında Azərbaycan və Paraqvayın dövlət himnləri səsləndirilib. Səfir Rəşad Aslanov çıxış edərək, 28 May tarixinin Azərbaycan xalqı üçün önəmindən bəhs edib, 1918-ci ilin məhz bu tarixində müsəlman şərqində ilk demokratik respublikanın qurulduğunu bildirib və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən həyata keçirilmiş mütərəqqi və bəşəri xarakterli islahatlardan, bu xüsusda Milli Şura tərəfindən qəbul edilmiş Müstəqillik Bəyannaməsində etnik, dini mənsubiyyətindən və sosial statusu və cinsindən asılı olmayaraq, bütün vətəndaşların vətəndaş və siyasi hüquqlarla təmin edildiyinin əks olunduğu qeyd edib. R.Aslanov Cümhuriyyətin 23 aylıq mövcudluğu dövründə Milli Parlamentin və Bakı Dövlət Universitetinin əsasının da qoyulduğunu əlavə edib. Cümhuriyyətimizin 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsində müstəsna xidmətləri olduğunu qeyd edən R.Aslanov müstəqil Azərbaycan Respublikasının qurucusu olan Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasi və iqtisadi strategiyası nəticəsində bu gün Azərbaycanın regionun lider dövlətinə çevrildiyini, irimiqyaslı enerji və infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı olduğunu vurğulayıb.

R.Aslanov ümumilikdə Cənubi Qafqaz regionunun hərtərəfli inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq ictimaiyyətin çağrışlarına baxmayaraq Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun etnik təmizləmə apararaq işğalının hələ da davam etdiyini qeyd edib. R.aslanov münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüynün bərpası çərçivəsində həll edilməli olduğunu bəyan edib.  

Avropa və Şərq sivilizasiyasının qovşağında yerləşən Azərbaycanın tolerantlıq məkanı olduğunu bildirən R.Aslanov ölkəmizdə əsrlər boyu müxtəlif etnik icmaların dinc yanaşı yaşadığını və çoxmədəniyyətlilik və tolerantlığın təşviqinin dövlət üçün prioritet sahə olduğunu əlavə edib.

2019-cu ilin Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə yanaşı, Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü ilə əlamətdar olduğunu bildirən R.Aslanov xüsusilə son illər intensivləşən yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsindən bəhs edib. Xalqlarımız arasında qarşılıqlı rəğbətin formalaşdığını bildirən səfir R.Aslanov turist axınının artacağına ümidvar olduğunu vurğulayıb və bu xüsusda, Paraqvayın “ASAN Viza” sisteminə daxil edildiyini diqqətə çatdırılıb.

Tədbirdə paraqvaylı musiqiçilərin ifasında hər iki ölkənin musiqiləri səsləndirilib.

Arxiv üzrə axtarış