Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib
Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışı keçirildiyini, 14 ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi etdiyini qeyd edib.
Həmçinin, gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirildiyini, Azərbaycan Gimnastika Federasiyasının ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görüldüyünü bildirib.
A.Rəhimov müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlərin ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlı olduğunu vurğulayıb.
“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.
“Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
AZERTAG