Ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi

Ümumi məlumat

 

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra – pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli 686 nömrəli Fərmanına əsasən 1 sentyabr 2013-cü il tarixindən etibarən Azərbaycan Respublikası vətəndaşlarına yeni nəsil biometrik pasportlar rəsmiləşdirilir.

Biometrik pasportda elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Elektron daşıyıcıya (çipə) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin üz təsviri və barmaq izi daxil edilir.

Yeni nəsil biometrik pasport 1 yaşınadək uşaqlar üçün 1 illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün 3 illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün 5 illik müddətə, 18 yaşından yuxarı şəxslər üçün isə 10 illik müddətə verilir.

Səfirliyin akkreditə olunduğu Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda yaşayan və pasportunun etibarlıq müddəti bitmiş və ya pasportunun səhifələri dolmuş, pasportunu itirmiş və ya yeni pasport almaq istəyən Azərbaycan Respublikası vətəndaşları yeni nəsil biometrik pasportun rəsmiləşdirilməsi üçün Səfirliyin konsulluq şöbəsinə müraciət edə bilərlər.

Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda yaşayan Azərbaycan Respublikasının vətəndaşının pasportu yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə, və ya belə pasport sahibi olan Azərbaycan Respublikası vətəndaşı vəfat etdikdə pasport Səfirlik vasitəsilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir.

Azərbayсan Respublikasının İnzibati Xətəlar Məсəlləsinin 331-сi maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə cərimə edilirlər.

Pasportun rəsmiləşdirilməsi üçün hər bir Azərbaycan vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir. Bu məqsədlə vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı təyin etmələri xahiş olunur.

Vətəndaşdan biometrik pasportun tələblərinə uyğun üz təsvirinin foto şəkli, əl-barmaq izləri və elektron imzası alındıqdan sonra, sənədlər elektron formada Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi Səfirliyin konsulluq şöbəsində həyata keçirilir (15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür).

Pasport Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəsmiləşdirildikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliyə göndərilir.

Səfirliyin konsulluq şöbəsi vasitəsilə pasportların əldə edilməsi adətən 1-2 ay müddət tələb edə bilər.

18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarına yeni pasportun rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 

  1. Ərizə - anket;
  2. 2 ədəd foto şəkil (rəngli, donuq, 3x4 sm ölçülü);
  3. Şəxsiyyət vəsiqəsi;
  4. Pasport;
  5. Hərbi bilət (əsli və ya keyfiyyətli surəti);
  6. Konsulluq qeydiyyatı haqqında anket(əgər vətəndaşın pasportunda konsulluq qeydiyyatı haqqında müvafiq təsdiq varsa, anketin doldurulmasına ehtiyac yoxdur);
  7. Dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz;

“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 14.1- ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə aşağıdakı məbləğdə dövlət rüsumu tutulur.

  • bir yaşınadək uşaqlar üçün - 10 manat
  • bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  • üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  • on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

Azərbaycan Respublikası pasportunun rəsmiləşdirilməsi üçün nəzərdə tutulan dövlət rüsumunun elektron ödənişini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində “Dövlət rüsumlarının, cərimələrin və xidmət haqlarının elektron ödənişi” xanasına daxil olaraq həyata keçirmək mümkündür. https://e-payment.mia.gov.az/portal/index 

Qeyd. Online ödənişin ödənilməsi mümkün olmadığı təqdirdə qeyd olunan ödənişi Bakı şəhərində yaşayan yaxın qohum və ya tanışlarınız vasitəsilə də həyata keçirə bilərsiniz. Bu halda ödəniş Sizin şəxsiyyət vəsiqənizin surəti əsasında Bakı şəhəri, R.Behbudov küçəsi 130, AZ 1014 ünvanında yerləşən AR DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində həyata keçirilir.

Eyni zamanda “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının 2001-ci il 4 dekabr tarixli, 223-IIQ nömrəli Qanununun 16.1.2-ci maddəsinə əsasən, pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 25 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir. Rüsum yalnız Argentinadakı hər hansı “Banco Santander Rio” filialında Səfirliyin bank hesabına ödənilir

 

Entidad:      Banco Santander Rio S.A.
Titular:        EMBAJADA DE LA REPUBLICA DE AZERBAIYAN
CUIT:          30-71150273-0
TIPO:          CUENTA CORRIENTE EN DOLARES
NRO DE CUENTA: 204-003307/1

  1. Pasport itirildikdə və ya oğurlandıqda polis və ya müvafiq səlahiyyətli təşkilatın arayışı təqdim edilməlidir;
  2. 18 – 35 yaş arası hərbi mükəlləfiyyəti olan kişilər tərəfindən yeni pasportun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə, həmin şəxsin hərbi bileti və ya möhlət hüququnu təsdiq edən müvafiq hərbi komissarlığın arayışı təqdim edilməlidir. Nəzərə alınmalıdır ki, səhhəti ilə bağlı hərbi biletdə möhlət hüququnun tarixi keçmiş şəxslərə yeni pasportlar rəsmiləşdirilmir. Hərbi mükəlləfiyyətlə bağlı qeyd edilən sənədlər təqdim edilmədiyi təqdirdə yeni pasport məhdudiyyət aradan qalxanadək rəsmiləşdirilmir. 

 

18 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşlarına yeni pasportun rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. 18 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilməsi haqqında Ərizə - anket
  2. Doğum haqqında şəhadətnamənin əsli və surəti;
  3. Yeni pasportun rəsmiləşdirilməsinə etiraz edilmədiyi barədə hər iki valideynin notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi (əgər hər iki valideyin azyaşlıya yeni pasport rəsmiləşdirilməsi üçün Səfirliyin Konsulluq bölməsinə şəxsən gəlmişlərsə, o halda razılıq ərizəsinin notarial qaydada təsdiqinə ehtiyac yoxdur);
  4. Hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin əsli və surəti (pasport və ya şəxsiyyət vəsiqələri);
  5. Valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti.

18 yaşı tamam olmamış, Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərə fərdi identifikasiya nömrəsi alınmaqla yeni pasport rəsmiləşdirilməsi üçün əlavə olaraq aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Azərbaycan Respublikasının müvafiq qeydiyyat idarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri olan şəxslərin valideyni tərəfindən Fərdi İdentifikasiya Nömrəsinin açılması barədə müvafiq ərizə (azad formada). Fərdi İdentifikasiya Nömrəsinin əldə edilməsi müddəti 2-3 ay davam edə bilər;
  • Ərizəyə doğum haqqında şəhadətnamə, valideynlərin pasportlarının surəti, azyaşlının xarici ölkədə yaşamaq hüququnu təsdiq edən sənədin surəti əlavə edilməlidir;
  • Fərdi İdentifikasiya Nömrəsi ilə ilk pasport almaq üçün sənədlərini təqdim edən şəxslər tərəfindən yuxarıdakı sənədlərə əlavə olaraq qan qrupu haqqında müvafiq arayış da təqdim edilməlidir.