Azərbaycan vətəndaşlarının uçotu

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilir. 

Xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınması rüsumsuz aparılır.

Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının pasportlarında konsulluq uçotu ilə bağlı heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun müvəqqəti yaşayış qeydiyyatında olması barədə konsulluq tərəfindən sərbəst formada yazılmış arayış verilir.

Konsulluq qeydiyyatına alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşı tamam olmamış uşaqları valideynlərindən birinin uçot vərəqəsində qeyd olunur. Bu halda uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilir.

 

Səfirliyin akkreditə olunduğu Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi;
  2. Pasport üçün rəngli fotoşəkil - 1 ədəd;
  3. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası ümumvətəndaş pasportu;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Azərbaycan Respublikası vətəndaşının Argentinada daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti;
  6. Vətəndaşın uçota alınmaq barədə Diplomatik nümayəndəliyə yazılı müraciəti.

Xarici ölkədə müvəqqəti yaşayan (3 aydan artıq) Azərbaycan Respublikasının vətəndaşları müvafiq olaraq işlədikləri, təhsil aldıqları, müalicə olunduqları və ya yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının konsulluğunda uçota alınırlar

Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Xarici ölkədə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot vərəqəsi;
  2. Vətəndaşın şəxsiyyətini təsdiq edən Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surəti;
  3. Azərbaycan Respublikası vətəndaşının Argentinada yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənədin surəti;
  4. Vətəndaşın uçota alınmaq barədə Diplomatik nümayəndəliyə yazılı müraciəti.

Qeyd: Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərildiyi təqdirdə onların itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.