Digər məsələlər

 


Sənədlərin sorğu ilə alınması

Azərbaycan Respublikasının xaricdəki vətəndaşları və əcnəbilərin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyinin konsulluq xidməti vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə müraciət etmək və müəyyən sənədlər üzrə sorğu göndərmək hüququ vardır. Növbəti mərhələ aşağıdakı kimidir:

Ərizəçi Azərbaycan Respublikasının Səfirliyinin konsulluq xidmətinə müraciət etməli və tələb olunan hər bir sənəd üçün iki ərizə anket forması doldurmaqla lazımi konsulluq rüsumunu ödəməlidir.

Sorğu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Baş Arxiv İdarəsinə göndərilir. Sorğu üzrə axtarış bitdikdən sonra Baş Arxiv İdarəsi tələb olunan sənədi sorğu ərizəsinin verildiyi Səfirliyin konsulluq xidmətinə göndərilməsi üçün  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə göndərir.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı

Əksər ölkələrdə Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşlarının  vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Azərbaycan Respublikasının Səfirliklərinin  konsulluq xidməti tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Səfirliklərinin konsulluq xidməti aşağıdakı dövlət vətəndaş aktlarının qeydiyyatı hərəkətlərini həyata keçirir:

1) Doğum haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi
2) Nikaha daxil olma haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi
3) Nikahın pozulması
4) Övladlığa götürülmə
5) Atalığın müəyyən edilməsi
6) Ad dəyişmə
7) Ölüm haqqında şəhadətnamələrin rəsmiləşdirilməsi

Notarial aktlar

Konsulluq aşağıdakı notariat əməliyyatlarını aparır:

1) Azərbaycan Respublikası ərazisində olan yaşayış evlərinin girov qoyulması və özgəninkiləşdirilməsi hallarına aid olan müqavilələr istisna olmaqla əqdləri (müqavilələri, vəsatətləri) təsdiq edir
2) miras əmlakın qorunması üçün tədbirlər görür
3) vərəsəlik hüququ haqqında şəhadətnamə verir
4) ər-arvadın ümumi əmlakından paya mülkiyyət hüququ haqqında şəhadətnamə verir
5) sənədlərin surətlərinin və onlardan çıxarışların düzgünlüyünü təsdiq edir
6) sənədlərdəki imzanın həqiqiliyini təsdiq edir
7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir
8) vətəndaşın sağ olması faktını təsdiq edir
9) vətəndaşın müəyyən yerdə olması faktını təsdiq edir
10) vətəndaşla fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir
11) sənədlərin təqdim edilmə vaxtını təsdiq edir
12) pul vəsaitini və qiymətli kağızları depozitə qəbul edir
13) icra qeydləri aparır
14) sənədləri saxlamaq üçün qəbul edir
15) sübutlar gətirilməsini təmin edir
16) dəniz protestləri verir

Azərbaycan vətəndaşlarının uçotu

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşları yaşadıqları ərazidə (konsulluq dairəsində) yerləşən Azərbaycan Respublikasının Diplomatik nümayəndəliklərində uçota alınırlar.

Azərbaycan Respublikası vətəndaşlarının Diplomatik nümayəndəliklərdə uçotu rüsumsuz aparılır və aşağıdakı sənədlər təqdim edilməlidir:

1) Doldurulmuş 118a formalı uçot vərəqəsi
2) 2 ədəd fotoşəkil (rəngli, 3x4 sm ölçülü)
3) Şəxsin Argentinada daimi və ya müvəqqəti yaşadığını, təhsil aldığını və işlədiyini təsdiq edən müvafiq sənəd
4) Pasportun əsli
5) Vətəndaşın uçota alınmaq barədə Diplomatik nümayəndəliyə yazılı müraciəti

 

Arxiv üzrə axtarış